Yerli vaxt
23:34
Hava

00 °C

---

Məzənnə

1 USD 1.735 AZN

1 EUR 1.8113 AZN


Planetimizdə mövcud olan iqlim növlərinin əksəriyyətinə bir ölkə hüdudlarında rast gəlinməsi nadir hadisədir: quru və rütubətli subtropik iqlimdən (Lənkəran) dağlıq tundra iqliminədək (Böyük Qafqaz yüksəklikləri). Eyni zamanda Azərbaycanın böyük hissəsi subtropik qurşaqda yerləşir. Bunun sayəsində ölkənin cənubunda portağal, mandarin, limon, feyxoa, kivi və bütün region üçün ekzotik olan digər meyvələr yetişdirilir. Lənkəran və Masallının cənub bölgələrində yaşıl salxımlı məhsulu olan banan ağaclarını da görmək olar. Bananların yetişməsi prosesi başa çatmasa da tropiklərdən qonaq gəlmiş bu meyvələr ətraf mənzərəni xeyli dərəcədə canlandırır. Heç də qəribə deyildir ki, əlverişli iqlim - tez gələn bahar, yumşaq qış və bol-bol günəş Azərbaycanı çimərlik turizmi mərkəzinə çevirmişdir. Abşeron sahillərində çimərlik mövsümü may ayında açılır və sentyabrın sonuna qədər davam edir.


Bütün rəsmi və qeyri-rəsmi mənbələr Xəzər dənizini dünyada ən böyük göl adlandırır. Həqiqətən onun sahəsi hal-hazırda 371000 kv.km, maksimum dərinliyi isə 1025 m təşkil edir. Məhz nəhəng sahəsi, eləcə də onun yatağı okean tipli yer qabığından ibarət olduğuna görə bu gölü dəniz adlandırmaq mümkün olmuşdur. Eyni zamanda digər dənizlərdən fərqli olaraq, Xəzərin suyu o qədər də duzlu deyil, bu isə o deməkdir ki, o çimmək üçün daha əlverişlidir, gözləri az qıcıqlandırır və dərini qurutmur. Əgər buraya Abşeron sahillərində və məşhur Nabran kurort zonasındakı inkişaf etmiş infrastrukturu: çoxlu sayda mehmanxana və istirahət, katerlərdə gəzinti, balıq ovu, dayving mərkəzlərini, yaxt-klubları əlavə etsək, Azərbaycanın nə üçün bütün Xəzəryanı bölgənin çimərlik turizmi mərkəzi hesab edildiyi tam aydın olur.


Onlardan biri Qobustan dövlət tarixi-bədii qoruğu və ya sadəcə olaraq Qobustan - dünya mədəniyyətinin nadir abidəsi, bəşəriyyətin ilkin sivilizasiya məskənlərindən biridir. Bu arxeoloji qoruq Bakıdan 60 km cənubda yerləşən və ərazisi 537 hektar olub, qayaüstü şəkillərin mədəni peyzajından ibarət düzənlikdir. Qobustan dağlarında daş əsri və sonrakı dövrlərdə bölgənin sakinləri haqqında nadir sübutlar – qayaüstü şəkillər, insan məskənləri, başdaşı abidələri toplanmışdır. Burada həmçinin yeni tarixdən əvvəlki böyük kromlexin qalıqları (Stounxecin Azərbaycan analoqu olan şaquli dayanmış dairəvi kompozisiya) yerləşir. Qobustanda demək olar 6000 qayaüstü şəkil - adamları və heyvanları təsvir edən petroqliflər vardır. Maraqlıdır ki, bizim eranın I əsrində Qobustan ərazisində Roma imperatoru Domisianın XII legionu olmuşdur ki, bunu da daşlar üstündə qayaüstü yazı sübut edir.

YUNESKO ümumdünya irsinin digər abidəsi İçəri şəhər - xalq dilində Qala - Bakının mərkəzində yerləşən nadir tarixi-memarlıq qoruğudur. Bura ölkənin və hətta Orta Şərqin ən qədim və indiyədək sıx məskunlaşmış yeridir. Qoruğun yerləşdiyi 221 min kv.m ərazidə 1300-dən artıq ailə yaşayır. Arxeoloji qazıntılar bürünc əsrinə aid olan qəbirləri aşkar etmişdir. Yunanlar və romalılar Bakıdan yazarkən, məhz İçəri şəhər barədə yazırdılar. Burada bütün dünyada məşhur olan qədim abidələr -Qız qalası (XII əsr) və Şirvanşahlar Sarayı (XIII-XVI əsrlər). Bundan başqa, qalın qala divarları arxasında çoxlu sayda digər nadir abidələr: məscidlər, minarələr, karvansaray və hamam qalıqları vardır.

Yeri gəlmişgən, məşhur "Brilyant əl" sovet filminin qəhrəmanları Mironov və Nikulin məhz İçəri şəhərin guşələrində dolaşırdılar. "Amfibiya adam" filmi də elə burada çəkilmişdir. Bu gün İçəri şəhərdə turistlər üçün suvenir satan xeyli sayda mağaza yerləşir ki, orada siz milli paltarlar, yaylıqlar və papaqlar, qab-qacaq və hətta əl ilə toxunmuş xalçalar ala bilərsiniz.



Naftalan kurortu – nadir bioloji xassələrinə görə planetimizdə analoqu olmayan müalicəvi Naftalan nefti sayəsində bütün dünyada şöhrət qazanmışdır. Kurort böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri olan Gəncədən 20 km məsafədə, Naftalan neftinin yatağı olan zonada, Naftalan şəhərində yerləşir.

Naftalan nefti dünyada analoqu olmayan nadir müalicəvi xassələrə malikdir. O, insan orqanizminə müxtəlif müalicəvi təsir göstərir, iltihab və ağrıya qarşı, damar genişləndirici və stimullaşdırıcı xassələrə malikdir. Naftalanın müxtəlif xəstəliklər zamanı müalicəvi xassələri və səmərəliliyi minlərlə elmi iş və monoqrafiyanın nəticələri ilə təsdiq edilmişdir.

Maraqlıdır ki, naftalandan yağlı məlhəm istehsalı üçün ilk fabriki alman mühəndisi - konsessioner E.İ. Yeger tikmişdir. Bu fabrikin məhsulu, eləcə də onun hazırlanması üçün xammal Almaniyaya ixrac edilməyə başlandı. Orada 1886-cı ildən etibarən naftalandan preparatlar hazırlayan "Mardeburqda Naftalan" və "Drezdendə Naftalan" iki naftalan səhmdar cəmiyyəti fəaliyyət göstərməyə başladı. Yeger məlhəmlərinin hazırlanma üsulları gizli saxlanılmış və monopoliyalaşdırılmışdı.

Bu gün Naftalan kurortu müalicəvi naftalan vannaları sayəsində 70-dən artıq xəstəliyin müalicəsini təmin edir.


Palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birinci yeri tutur. Yer üzündə mövcud olan 800 palçıq vulkanından 350-si burada yerləşir! Hər il minlərlə turist palçıq vulkanlarının, partlayış və yeraltı uğultu ilə müşahidə olunan effektli püskürməsinə tamaşa etmək üçün Azərbaycanı ziyarət edir. Püskürmə zamanı yerin dərin laylarından xaricə qazlar çıxır və dərhal alışır. Vulkanlar üzərində alovun hündürlüyü 1000 metrə qədər çata bilər (Qarasu vulkanı).

Səyahətçilər fantastik Ay səthi mənzərəsini xatırladan palçıq vulkanları arasında şəkil çəkdirməyi xoşlayırlar. Maraqlıdır ki, Mars səthini öyrənən NASA geoloqları bu qənaətə gəlmişlər ki, Azərbaycanın palçıq vulkanları öz quruluşuna görə qırmızı planetin yüksəkliklərinə oxşayır.

Hesab edilir ki, Azərbaycanda palçıq vulkanlarının ilk püskürməsi 25 mln. il əvvəl baş vermişdir. Son 200 il ərzində Azərbaycanda 200 nəhəng püskürmə olmuşdur. Ölkənin 23 palçıq vulkanı Milli park statusu almışdır, indi onlar dövlət tərəfindən mühafizə olunur. İsveçrənin qeyri-kommersiya təşkilatının "Təbiətin yeddi möcüzəsi" beynəlxalq müsabiqəsində Azərbaycanın palçıq vulkanları 5-ci yer tutmuşdur. 2004-cü il sentyabrın 15-də Azərbaycan ərazisində yerləşən dünyanın ən iri palçıq vulkanı Ginnes rekordları kitabına daxil edilmişdir.


Azərbaycan mətbəxi Şərqdə ən maraqlı mətbəxlərdən biridir. Bu mətbəx ətirli göyərti və ədviyyatlarla tamamlanan çoxlu sayda mümkün ət, balıq və göyərti xörəkləri ilə zəngindir. Azərbaycana gələn ən ləzzətli yemək həvəskarları milli mətbəxin sadiq dəyərləndiriciləri olmuşlar. Azərbaycan mətbəxinin məhsulları və xörəkləri orijinal və təkrarolunmazdır.

Azərbaycan xörəklərinin əksəriyyəti qoyun, mal və quş ətindən hazırlanır. Azərbaycanlılar, digər müsəlmanlar kimi, donuz əti yemirlər. Döyülmüş ətdən, eləcə də balıqdan, xüsusilə uzunburun və nərə balığından hazırlanmış xörəklər geniş yayılmışdır. Azərbaycan mətbəxi tərəvəzin zənginliyi ilə seçilir. Bu mətbəxdə həmçinin müxtəlif ədviyyatlar geniş istifadə olunur. Azərbaycan mətbəxində zəfəran xüsusilə populyardır: 50-dən artıq milli xörək məhz bu ədviyyatla hazırlanır! Azərbaycanlılar çörək məhsullarından uzunsov çörəyə və lavaşa (nazik yuxalara) - təndirdə bişirilmiş çörəyə üstünlük verirlər.

Ölkənin müxtəlif bölgələrinə özlərinin məşhur özəl xörəkləri məxsusdur. Şəkidə bu, piti (ağzı bağlı gil qabda sobada quzu ətindən hazırlanan milli Azərbaycan şorbası), halva (şəkər, fındıq və ya küncüt toxumlarından hazırlanan Şərq şirniyyatı, çərəzlər), Masallı və Lənkəranda - ləvəngi (döyülmüş qoz və ədviyyatla doldurulmuş toyuq əti və balıq), Qusarda çörək və qutablardır (aypara şəklində adi xəmirdən hazırlanmış iç qoyulmuş nazik kətə. İç kimi döyülmüş ət, göyərti, balqabaq, nar dənələri, pendir və soğan istifadə olunur), belə yeməkləri buradan başqa heç yerdə tapa bilməzsiniz!


Azərbaycan ta qədim zamanlardan Odlar Diyarı kimi tanınmışdır. Bu əbəs olmamışdır – çünki Abşeron yarımadası neft və qazla zəngindir. Yanan qazların yerin səthinə çıxması ilahi möcüzə hesab olunur və buraya dünyanın hər yerindən adamları cəlb edirdi: ta qədim zamanlardan atəşpərəstlər Bakıya toplaşar və müqəddəs odlar üzərində öz məbədlərini inşa edirdilər. Onlardan biri - Zərdüştlərin od məbədi olan Atəşgahdır. Bu məbəd paytaxtdan 30 km məsafədə, Suraxanıda yerləşir. Məbəd Bakıda yaşayan atəşpərəst hind cəmiyyəti tərəfindən XVII-XVIII əsrlərdə inşa edilmişdir.

Abşeronda olmuş səyahətçilər sirli odları öz yol qeydlərində tez-tez təsvir edirdilər. Bakı alovları barədə 1858-ci ildə Bakıda olmuş fransız yazıçısı Aleksandr Düma maraqlı qeydlər qoyub getmişdir. Yer səthinə çıxan yanan qaz alovları Abşeron yarımadasında Bakı yaxınlığında, ərazisində Yanardağ yerləşən kiçik Məhəmmədi kəndini də məşhur etmişdir. Dağın yamacı uzun illər ərzində gecə və gündüz alova bürünmüşdür. Təbiətin bu möcüzəsinə baxmaq üçün dünyanın bütün yerlərindən buraya çoxlu sayda turist gəlir. 2007-ci ildən etibarən Yanardağ dövlət tərəfindən mühafizə olunur və onun ərazisi Dövlət tarixi-mədəni təbiət qoruğu elan edilmişdir.


Bakı Dənizkənarı Parkı, başqa sözlə Bulvar – ölkəni ziyarət etmək məqsədindən asılı olmayaraq Azərbaycana gələnlər üçün ən cəlbedici bir yerdir, 2009-cu ildə o özünün 100 illik yubileyini qeyd etmişdir. Qonaqları buraya möhtəşəm landşaft dizaynı, kölgəli ağaclıqlar, ən dadlı dondurmalar, çərəzlər və müxtəlif növ qəlyanaltılar verilən rahat kafelər, Yaxtklub, uşaq və böyüklər üçün çoxlu sayda attraksionlar cəlb edir.

Müasir üslubda inşa edilmiş məşhur ticarət-əyləncə mərkəzi Park Bulvar, Beynəlxalq Muğam Mərkəzi və orijinallığı ilə özünü cəlb edən Azərbaycan Xalça muzeyi məhz Bulvarda yerləşmişdir. Avrovision-2012 müsabiqəsi ərəfəsində açılmış, neon işıqları bərq vuran Baku Cristall Hall idman-konsert kompleksi Milli Dənizkənarı Parkın həqiqətən bəzəyi olmuşdur. Bulvarda tez-tez maraqlı tədbirlər keçirilir: konsert proqramları, milli sənət ustalarının əl işləri sərgisi, suvenirlərin oynanılması, xalq gəzintiləri və s. Uzunluğu hal-hazırda 5.5km-ə yaxın olan Bulvar daima uzadılır. İndi Bulvar üzərində dünyada ən yüksək bayraqlardan biri (bayraq tirinin hündürlüyü 162 m-dir) dalğalanan Dövlət Bayrağı Meydanından başlayıb Beynəlxalq Bakı Limanına qədər uzanır. Tezliklə Bakının sahilboyu küçəsi hal-hazırda tikilməkdə olan Ağ şəhər kimi tanınmış futuristik rayonun abadlaşdırılması planlaşdırılır. Beləliklə, Bulvarın ümumi uzunluğu 15 km təşkil edəcəkdir.


Tarixi görməli yerləri ilə yanaşı, müasir Bakının yeni rəmzləri də yaranmışdır. Hər şeydən əvvəl, bu, 3 binadan ibarət məşhur “Od qüllələri”dir. Bir qüllə yaşayış üçün ayrılmış, ikincisi, biznes-mərkəz kimi fəaliyyət göstərir, üçüncüsündə isə tanınmış Fairmont dünya otellər şəbəkəsinin oteli yerləşmişdir. Maraqlıdır ki, Od qüllələrinin işıqlandırılması urbanistika üzrə hüfuzlu skyscrapercity.com forumunun sorğusuna görə dünyada ən yaxşı işıqlandırma hesab edilmişdir. Qüllələrin səthi tamamilə LED ekranlarla örtülmüşdür ki, bu da şəhərin ən uzaq nöqtələrindən yaxşı seçilən hərəkət edən müxtəlif vizual obrazları təsvir edir.

Tanınmış Heydər Əliyev Mərkəzi – konqres-mərkəzi, muzey kitabxana və sahəsi 9 ha olan parkdan ibarət kompleks tikili heç də az məşhurlaşmamışdır. Binanın layihəsi tanınmış arxitektor Zaha Hadidə məxsusdur. Yeri gəlmişkən, Od Qülləri və Heydər Əliyev Mədəniyyət mərkəzinin binalar kompleksi Discovery və Science Channel kanallarının verilişlərində geniş işıqlandırılmışdır.

Nəhayət, Bakıda dövlət Bayrağı Meydanında yerləşən və “Avrovision -2012” müsabiqəsinin keçirildiyi ultramüasir Crystal Hall konsert kompleksini xatırlatmamaq mümkün deyildir. Crystal Hallun fasadı zalda və binanın çölündə, müxtəlif effektlər yaratmağa imkan verən müasir dinamiki işıqlandırma qurğuları ilə təchiz olunmuşdur. Belə ki, “Avrovision” müsabiqəsi zamanı hər bir ifaçı səhnəyə çıxarkən xarici divar işıqları iştirakçının ölkəsinin bayrağının rəngini əks etdirirdi. Xüsusi effektlərin yaradıcısı – İsveçrənin Nüssli International AG şirkətinin etirafına görə – dünyanın heç bir şəhərində belə bir şey olmamışdır. İndi Crystal Hall-da dünya ulduzlarının çıxışları təşkil olunur. Burada Cenifer Lopesin, Şakiranın, Riannanın, “San Remo” ulduzlarının və başqalarının konsertləri keçirilmişdir.